web builder

Atəşgah

Dövlət Tarix-Memarlıq Qoruğu - Atəşgah məbədinin ilk tikililəri II, III əsrə aiddir. O dövrdə Azərbaycanda zərdüşt dini yayılmışdı. Bununla əlaqədar regionlarda zərdüşt məbədləri tikilmişdi. Suraxanıdakı  Atəşgah məbədi VII əsrə kimi fəaliyyət göstərib. Bildiyimiz kimi, VII əsrdə Azərbaycanda islam dini qəbul edildi.  Bundan sonra ölkədəki zərdüşt məbədləri sıradan çıxmağa başladı. "Atəşgah məbədi" isə XVI-XVII əsrlərdə ikinci həyatına qədəm qoydu. Həmin dövrdə məşhur İpək Yolu Azərbaycandan keçirdi. Bu yolla ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alov barədə də danışdılar. Nəticədə buraya zəvvarlar,atəşpərəstlər gəlməyə başladılar. Artıq bu yer onlar üçün müqəddəsləşmişdi. Müxtəlif ölkələrdən, o cümlədən də Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Tanınmış hind alimi Mode yazırdı ki, Azərbaycanda - Suraxanıda dünyanın ən müqəddəs məbədlərdən biri yerləşir. Ümumiyyətlə, "Atəşgah məbədi"nə həmişə böyük maraq göstərilib. Vaxtilə müxtəlif dünyagörüşlü insanlar, o cümlədən səyyahlar, xarici yazıçılar, alimlər buranı ziyarət ediblər. Onların arasında A.Düma, Kenfr, Villot, Berezin, D.Mendeleyev də olmuşdur. Ziyarətə gələn atəşpərəstlər hücrələrdə qalırdılar. Bir hücrədə 3-4 nəfər yerləşdirilirdi. Başqa ölkələrdən gələn tacirlər də müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Burda 2-3 gün qalıb dincəlir, atəşpərəstlərə, zərdüştlərə vəsait ayırırdılar. Atəşgah 26 hücrədən və mərkəzi ibadətxanadan ibarətdir. Mərkəzi ibadətxana burada ən müqəddəs yer sayılırdı. Ora ancaq baş kahinlər keçə bilər və sitayiş edərdilər. Adi atəşpərəstlərin içəri keçməyə ixtiyarları yox idi. Məbəddə 20 qiymətli daş kitabə vardır. Onlar hücrənin üstə yerləşdirilmişdir. Birini zərdüşt, 19-nu isə atəşpərəstlər qoymuşlar. Onlardan 19-u hind, biri fars dilində yazılmışdır. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunmuşdur. Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunmuşdur. Son bir ildə iki yeni hücrə açılıb. Onlardan biri Azərbaycana, o biri isə Suraxanı rayonunun maddi mədəniyyətinə aiddir. Həmin hücrələrdə eradan əvvələ aid əşyalardan bəzi nümunələr toplanmışdır. Ölkə rəhbəri "Atəşgah məbədi özünəməxsusluğunu, unikallığını və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsini nəzərə alıb hələ 19 dekabr 2007-ci ildə "Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin "Atəşgah məbədi" Dövlət Tarix- Memarlıq Qoruğu elan edilməsi haqda" sərancam imzalamışdı.

Yanardağ

Yanardağ Məhəmmədi kəndinin qərb hissəsində olub, Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə  təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin   dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq   vulkanlarının püskürməsi - bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə  çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15  metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu da yanmaların  tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub.  İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın  mövcudluğuna istinadən qəbul edilib. Qeyd etmək lazımdır ki, erkən orta əsrlər dövrünü işıqlandıran bir çox  mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı  bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə “əbədi odların” olması və onların  gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyli  Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz  açmışdır. Bundan başqa buradakı yanan torpaqlarla bağlı Əl-Məsudinin “Muruc əz-zəhəb və məavhin-əl cavhar”, Əl-  Farisi Əl-İstəxrinin “Kitab əl-masalik vəl-mamalik” (“Yollar və məmləkətlər haqqında kitab”), Əl-Müqəddəsinin “Əhsən  ət-təqasim fi mərifət əl-əqalim” (“İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü”) və sair müəlliflərin əsərlərində təsаdüf  оlunmaqdadır.  Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanar dağın ərazisi dövlət tarix-  mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd  yuvası, min yaşı olan iki qəbirstanlıq ve qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ  aiddir.